RƏSMİ

15 Mart

İllik inflyasiya 2.1% təşkil edib - Baş nazir

2023-cü ildə əldə olunmuş müsbət makroiqtisadi göstəricilərdən biri olan inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalmışdır.

Fins.az-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyinin idxal inflyasiyasına azaldıcı təsiri, qəbul edilmiş büdcə qaydasının parametrləri və monetar siyasət qərarları inflyasiya təzyiqlərini yumşaltmışdır.

“Nazirlər Kabinetində inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində “İnflyasiya və qiymət monitorinqi” üzrə İşçi qrup yaradılmışdır. Qiymət formalaşması nöqtələrində qiymətlərin artım dinamikasını izləməyə, vaxtında və çevik müdaxilələr etməyə imkan verən “Qiymət İzləmə Tətbiqi” sistemi yaradılmışdır.

Həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə 8,8% orta illik inflyasiyaya nail olunmuşdur. İllik inflyasiya isə 2.1% təşkil etmişdir”, - deyə Baş nazir əlavə edib.