RƏSMİ

18 Oktyabr

Təyyarə sərnişinləri barədə məlumatlar qorunacaq

Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişin və heyət üzvləri barədə ilkin məlumatların və sərnişin adlarının qeydiyyat məlumatlarının mübadiləsinə və qorunmasına dair tələblər məlum olub.

Fins.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, hava gəmilərinin istismarçıları tərəfindən hava gəmisinin sərnişin və heyət üzvlərinə dair ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatları sərnişin məlumatlarına dair “bir pəncərə” sistemi vasitəsilə real vaxt rejimində elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ötürülür.

Hava gəmilərinin istismarçıları tərəfindən sərnişin məlumatlarına dair “bir pəncərə” sisteminə ötürülən sərnişinlər barədə ilkin məlumatlar və sərnişin adlarının qeydiyyat məlumatlarının siyahısı, verilməsi, qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə enəcək və Azərbaycan Respublikası ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və heyət üzvləri haqqında məlumatlar “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qorunacaq.