RƏSMİ

02 Oktyabr

Qarabağ və Şərqi Zəngəzur sakinlərinə vergi və gömrük güzəştləri TƏTBİQ EDİLƏCƏK

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə tətbiq edilən xüsusi iqtisadi rejim ilə bağlı təşviq paketi, o cümlədən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında qeyd olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb.

Görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.

Qeyd edilib ki, reinteqrasiya Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir.