RƏSMİ

21 İyun

Bu ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi və icarəsi üzrə GÖSTƏRİCİLƏR - CƏDVƏL

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-may ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 61,2 milyon manat vəsait ödənilib.

Bu barədə Fins.az-a qurumdan məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, hərracların təşkili sahəsində işləri davam etdirir.

Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-may ayları ərzində 24 hərrac keçirilib.

Hərraclarda 7 səhmdar cəmiyyətinin dövlətə məxsus səhmləri, 9 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 233 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 5 ayı ərzində  hərraca çıxarılmış dövlət əmlakı üzrə 135 elektron sifariş qəbul olunub, hərraclarda iştirak etmək üçün “Elektron hərrac” proqram təminatı vasitəsilə 28 onlayn qoşulma reallaşıb. 2023-cü ilin yanvar-may ayları ərzində 13 faydalı qazıntı yatağı hərrac vasitəsilə sahibkarların istifadəsinə verilib.

Cari ilin yanvar-may ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 47,2 milyon manat təşkil edib və 5 aylıq proqnoz 112,6% icra olunub. Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb. 

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin ilk 5 ayı ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində də əldə edilən nəticələr uğurludur. Belə ki, bu ilin yanvar-may ayları ərzində 1 481 yeni icarə müqaviləsi bağlanılıb. Bunlardan 313-ü qeyri-yaşayış sahələri üzrə, 1 168-i isə torpaq sahələrinə dair olub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinə 14 milyon manat vəsaitin ödənilməsi təmin olunub və proqnoz 153,2% icra olunub. Dövlət əmlakının icarəsindən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 36% artıb.

Beləliklə, bu ilin yanvar-may ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 61,2 milyon manat vəsait daxil olub.