Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində tikinti obyektlərinin tikintisinə və istismarına icazə, habelə məlumatlandırma icraatlarının həyata keçirilməsini təmin edən “Elektron Tikinti Portalı” altsistemi yaradılacaq.
Fins.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 889-VIQD nömrəli Qanununun tətbiqi” barədə fərmanda əksini tapıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi portalın formalaşdırılmasını 2023-cü il noyabrın 1-dək təmin etməli və aidiyyəti dövlət orqanlarının (qurumlarının) Portala çıxışını təmin etməlidir. Eyni zamanda portala daxil ediləcək məlumatların, o cümlədən dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə zəruri tədbirlər görməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Portalın aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etmək tapşırılıb.
Nazirlər Kabineti “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 16.2-ci maddəsinə uyğun olaraq şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydası, eləcə də sistemə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və işlənilməsi qaydalarının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.