RƏSMİ

12 İyun

Maliyyə Nazirliyində Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüş keçirilib

İyunun 12-də maliyyə naziri Samir Şərifov Şuşa şəhərində keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar Şurasının 2-ci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Fins.az xəbər verir ki, Samir Şərifov Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın qərarı ilə yaradılmış  Birgə İşgüzar Şuranın işini təqdir edib və Şuranın 2-ci iclasının ölkəmizin işğaldan azad olunuş ərazisində, Qarabağın tacı Şuşa şəhərində keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verən Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının biznes dairələrini bu işlərdə, həmçinin ölkəmizə investisiya yatırılmasında fəal iştirak etməyə dəvət edib. 

Şuşaya səfəri barədə təəssüratlarını bölüşən Əli Əl Dakhil qısa müddət ərzində görülən işlərin şahidi olduğunu, işğaldan azad edilmiş ərazilərin böyük enerji potensialına və geniş münbit torpaq ərazilərinə malik olduğunu vurğulayıb. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin, həmçinin qarşılıqlı investisiyaların həcminin artırılması üçün geniş imkanlar olduğunu qeyd edib.

Görüşdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Orxan Məmmədov da iştirak edib.