RƏSMİ

08 İyun

Cari ildə aktiv kommersiya qurumlarının sayı 14% artıb

Cari ilin iyun ayının 1-nə respublika üzrə uçotda olan 1.452.702 vergi ödəyicisinin 87,3%-i fiziki şəxslər, 12,7%-i isə hüquqi şəxslər və digər təşkilatlar olub.

Fins.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9%, o cümlədən fiziki şəxslərin sayı 6,5%, hüquqi şəxslərin sayı isə 9,7% artıb.

Dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 167,6 min təşkil edib, onlardan 105,4 mininin fəaliyyəti aktiv olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kommersiya qurumlarının sayı 10,4%, aktiv kommersiya qurumlarının sayı isə 14% artıb.

2023-cü ilin iyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,3%-i məhdud məsuliyyətli cəmiyyət, 1,3%-i səhmdar cəmiyyəti, 1,1%-i kooperativ və s. formalarda yaradılıb.

İyun ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 32.490 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% artım deməkdir.

Yanvar-may aylarında 6.945 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onlardan 88,3%-i yerli investisiyalı, 11,7%-i xarici investisiyalı qurumlardır. Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,6%-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,3% təşkil edib. Yeni qeydiyyat üsulu (fin kod+mobil nömrə) ilə 928 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.