Dövlət Xidmətinin nümayəndəsi “Rəqabət hüququ və bazar iqtisadiyyatının inkişafı” mövzusunda keçirilən 2023 KOİCA Qlobal Əməkdaşlıq Proqramında iştirak edib.
Fins.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Koreya Respublikasına səfər edib. Səfər çərçivəsində nümayəndə “Rəqabət hüququ və bazar iqtisadiyyatının inkişafı” mövzusunda keçirilən 2023 KOİCA Qlobal Əməkdaşlıq Proqramında iştirak edib.
Proqramın əsas məqsədi Koreya Ədalətli Ticarət Komissiyasının inkişaf proseslərini təqdim etmək və uğurlu nou-hau, rəqabətə zidd davranışlara qarşı hüquq-mühafizə, tənzimləyici islahat və rəqabət təbliğatı, istehlakçıların hüquqlarının müdafiəsi siyasəti ilə bağlı məlumatları bölüşməkdir.
Qazaxıstan, Özbəkistan və Qırğızıstanın rəqabət qurumlarını təmsil edən nümayəndələrin də iştirak etdiyi proqram 21 may – 2 iyun tarixlərində Koreyanın Seul şəhərində keçirilib.
Proqram çərçivəsində Koreyanın rəqabət qurumu hesab edilən Koreya Ədalətli Ticarət Komissiyasında və Koreya İstehlakçılar Agentliyində iqtisadi inkişafı üçün zəruri olan bazar subyektləri, rəqabət və məhsuldarlığın əlaqəsi, iqtisadi artım ilə rəqabət siyasəti arasında əlaqə, Koreya nümunəsində iqtisadi inkişaf prosesində rəqabət siyasətinin rolu, resurslardan effektiv istifadə etmə, rəqabət siyasətinin alət və üsulları üzrə təqdimatlar nümayiş etdirilib, mövcud təcrübə barədə məlumatlar verilib.
Proqram iştirakçıları təmsil etdikləri ölkələrdə rəqabətin qorunması sahəsində mövcud vəziyyət, görülən işlər və planlaşdırılan tədbirlər barədə məlumatları təqdim ediblər.
Bazar iqtisadiyyatının rəqabət baxımından tənzimlənməsinin aktual aspektləri, bazarlarda rəqabət şərtləri, tənzimləyici orqanlar arasında qarşılıqlı əlaqələrin qurulması, rəqabətin inkişafı sahəsində beynəlxalq hüquqi əməkdaşlığın səmərəliliyinin artırılması istiqamətlərində qarşılıqlı müzakirələr aparılıb, müvafiq sahələr üzrə Koreyanın təcrübəsi öyrənilib.