RƏSMİ

06 İyun

Nazir: Yoxlamalar zamanı qaytarılmayan vəsaitlərlə bağlı hüquq-mühafizə orqanlarında işlər var

Məktəblərin əsaslı təmiri, əlverişli biznes mühitinin yaradılması və işsizliklə bağlı problemin həll edilməsi ilə bağlı məsələlər qaldırılmışdı.

Fins.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, hökumət bu məsələlərlə çox ciddi məşğul olur: “Təhsil sahəsində işlərlə bağlı biz ciddi işlər görürük. Aidiyyəti dövlət orqanlarına məlumatları çatdırırıq”.

Samir Şərifov milli ensiklopediya ilə bağlı qaldırılan məsələyə də münasibət bildirib: “Büdcədən bunun üçün pul ayrılır, amma satışla bağlı məsələyə mən hazırda cavab verə bilmirəm”.

Nazir həmçinin maliyyə nəzarətinin təmin olunması məsələsinə də toxunub: “Yoxlamalar zamanı vəsaitlərin bir hissəsinin qaytarılmasına nail olunub, qaytarılmayan hissələrlə bağlı hüquq-mühafizə orqanlarında işlər var. Məsələni nəzarətdə saxlayacağıq”.