RƏSMİ

11 May

Azərbaycanda kosmik obyektlərin hissələrinin aşkarlandığı yerlərdə karantin tətbiq ediləcək

Azərbaycan Respublikasında kosmik fəaliyyət və kosmik sənaye sahələrində fəaliyyət həyata keçirilərkən ətraf mühitin qorunması, ekoloji və texniki təhlükəsizlik tələblərinə riayət edilməsi üçün müvafiq olaraq “Ətraf mühitin mühafizəsi haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulan tədbirlər görülür.

Fins.az-ın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, kosmik obyektlərin və onların hissələrinin Azərbaycan Respublikasının ərazisində aşkar edildiyi yerlərdə kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq edilməsinə yol verilir. Azərbaycan Respublikasının ərazisində qəzaya uğrayan pilotlu kosmik obyektin heyətinin xilası üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədbirlər görülür, habelə qəza ərazisində kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq edilir.

Reyestrdə qeydiyyata alınmış kosmik obyektin kosmik operatoru tərəfindən idarə edilməsi mümkün olmadıqda, Müqaviləyə əsasən kosmik uçuşun təhlükəsizliyi üçün onun əvəzinə kosmik obyektin idarə edilməsi milli kosmik operator tərəfindən həyata keçirilir. Bu zaman Reyestrdə qeydiyyata alınmış kosmik obyektin mülkiyyətçisi milli kosmik operatoru kosmik obyektin müvəqqəti idarə edilməsi imkanı ilə təmin etməlidir.