Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasına dair şərtlər açıqlanıb.
"Fins.az" xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda əksini tapıb.
Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçiriləcək. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir.
Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılacaq. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürüləcək.
Qaydaya əsasən, alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq ediləcək. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürüləcək.
Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.
Portal bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olacaq.
Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin rəsmiləşdirilməsi qaydası da müəyyənləşib. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürəcək və çap edərək alıcıya təqdim edəcək.
Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaratmalı, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərməlidir:
- yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti;
- alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi:
- ödənişi aparan alıcının soyadı, adı və atasının adı;
- ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi;
- ödənişin təyinatı.
Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 gündən gec müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilməyəcək.
Qaydada keçid müddəası da müəyyənləşir. Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılacaq:
- ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə;
- Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədlər satıcının uçotda olduğu vergi orqanına təqdim edildikdə.
Bu hallar üzrə alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.