RƏSMİ

13 Aprel

Samir Şərifov: "Bu ilin I rübündə dövlət büdcəsinin profisiti 1,38 mlrd. manat təşkil edib"

I rübdə dövlət büdcəsinin gəlirləri proqnoza qarşı 6,3% və yaxud 418 mln. manat artıqlaması ilə icra olununub və dövlət büdcəsinin gəliri 7,1 mlrd. manat təşkil edib.

Fins.az məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov Prezidentin sədrliyi ilə keçirilən bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.

Samir Şərifov vurğulayıb ki, birinci rüb üzrə büdcənin xərclərinin icrası adətən o qədər yüksək olmasa da, cari ildə icra 99%-ə bərabər olub. Onun sözlərinə görə, hətta belə bir yüksək icra səviyyəsi şəraitində dövlət büdcəsinin gəlirlərinin bir tərəfdən fiskal orqanlar tərəfindən artıqlaması ilə yerinə yetirilməsi, digər tərəfdən isə Dövlət Neft Fondundan 423 mln. manat məbləğində vəsaitin alınmaması şəraitində dövlət büdcəsinin profisiti 1,38 mlrd. manat təşkil edib.

"Bu, olduqca gözəl bir göstəricidir. Dövlət büdcəsinin xərcləri, qeyd etdiyim kimi, həmin dövr üzrə 5,63 mlrd. manat və yaxud 99% icra edilmişdir. Əsas dövlət vəzifələri, dövlətin büdcədən maliyyə yardımları və digər proqramlarının maliyyələşdirilməsi tam təmin olunmuşdur və dövlət büdcə təşkilatları tərəfindən xəzinədarlıq orqanlarına təqdim etdiyi büdcə sifarişləri tam icrasını tapmışdır", - nazir qeyd edib.