"İstisu sanatoriyası sovet vaxtında çox məşhur idi. Həm Azərbaycan sakinləri, həm sovet ittifaqının müxtəlif yerlərindən oraya gələnlər çox idi. Amma biz Mehriban xanımla İstisuda olanda dəhşətli mənzərəni gördük. Sanatoriya, su mənbələri tamamilə dağıdılıb. Mən demişəm bu vəhşi qəbilə hər yerə burnunu soxub, o cümlədən oraya. Keçmiş sanatoriyadan ancaq bəzi qalıqlar qalıb. Ona görə mən qərara gəldim ki, orada yeni, müasir otel inşa edilsin. İndi təqribən 150-160 yerlik otelin layihəsi hazırlanır. Biz müalicəvi içməli suyun istehsalına da başlamalıyıq. Bu göstəriş də verildi. İndi ilkin təmaslar olubdur və hesab edirəm ki, bu il hər iki vacib və böyük rəmzi məna daşıyan layihələrin təməli qoyula bilər".
"Fins.az"xəbər verir ki, bunu Prezident İlham Əliyev Aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə bildirib.
Prezident qeyd edib ki, yenə də beynəlxalq səviyyəli kurort yaranacaq:
"Çünki Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq. Əminəm, çox vaxt keçməyəcək ki, İstisu yenə də öz şöhrətini qaytaracaq".