RƏSMİ

02 İyul

Azərbaycan Qarabağ münaqişəsinə son qoymaqla regionda təhlükəsizliyi təmin etdi

Azərbaycan regionda təhlükəsizliyin qarantıdır. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoymaqla regionda təhlükəsizliyi təmin etmiş oldu. Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, ötən 30 il ərzində Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regionda sabitlik və təhlükəsizlik üçün tədidlər yaradırdı: “Bu münaqişə təkcə Azərbaycan üçün deyil, bütün region üçün, hətta beynəlxalq miqyasda təhlükə mənbəyinə çevrilmişdi.

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri bir tərəfdən qeyri-qanuni fəaliyyət, o cümlədən narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və bütün dünyaya satışı üçün istifadə edilirdi və narkotiklərin satışından əldə olunan pulun böyük hissəsi separatçılar tərəfindən qanunsuz silahlı birləşmələr, terror qrupları üçün silahların alınmasına və təlimlərin keçirilməsinə xərclənirdi.
Digər tərəfdən isə başqa ölkələrdən terrorçular, xüsusilə erməni əsilli terrorçular işğal edilmiş ərazilərdə yerləşdirilirdi, orada onlara təlimlər keçirilir və silahlandırılırdılar. Bundan əlavə ermənilər həmin ərazilərdə böyük ölçüdə qeyri-qanuni hərbi qüvvələr yerləşdirmişdi. Bütün bunlar regionda sülh və sabitlik üçün böyük təhdid idi.

Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfəri ilə tamamilə yeni vəziyyət yaratdı. Azərbaycan təkbaşına Dağlıq Qarabağ münaqişəsini həll etməklə bu böyük təhdidi ardan qaldırdı, işğal altında olan ərazilərini terrorçulardan təmizlədi, orada olan erməni separatçıların bütün qeyri-qanuni, təhdid dolu fəaliyyətinə son qoydu. Artıq həmin ərazilərdə abadlıq-quruculuq işləri həyata keçirilir, yeni yollar çəkilir, infrastruktur bərpa edilir, beynəlxalq hava limanları tikilir, “ağıllı kənd”, “ağıllı şəhər” salınması üçün aktiv işlər aparılır.

Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan üçün deyil, region ölkələri, hətta dünya ölkələri üçün böyük faydalar gətirəcək, çünki həmin ərazilərdə yaradılacaq yeni nəqliyyat-tranzit qovşaqları ölkələri bir-birinə daha da yaxınlaşdıracaq, daha əlçatan edəcək, əməkdaşlıq üçün yeni imkanlar açacaq”.

 

© Trend