Azərbaycanda bəzi təsərrüfat obyektlərinə enerjinin səmərəli istifadəsinə cavabdeh şəxs olan enerji idarəçisi (meneceri) təyin ediləcək.
Fins.az-ın məlumatına görə, bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, enerji idarəçisi (meneceri) dedikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tələblərə cavab verən, energetika və texniki sahələrdə ali təhsilə malik və müvafiq ixtisas üzrə ən azı 3 (üç) il iş təcrübəsi olan, enerjidən səmərəli istifadəyə cavabdeh fiziki şəxs nəzərdə tutulur.
Layihəyə görə, aşağıda qeyd edilən təsərrüfat subyektlərinin rəhbərləri və qeyri-yaşayış binalarının mülkiyyətçiləri (idarəçiləri) tərəfindən enerjinin səmərəli istifadəsinə cavabdeh şəxs olan enerji idarəçisi (meneceri) təyin edilir:
- illik enerji istehlakı 1 000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektlərində;
- tikinti ərazisi ən azı 10 000 kvadrat metr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binalarında.
Enerji idarəçisinə (menecerinə) dair tələbləri, habelə onların attestasiyadan keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Qeyd edək ki qanun Milli Məclisdə qəbul edildiyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək. Qanun qüvvəyə mindiyi gündən “Enerji resurslarından istifadə haqqında” 1996-cı il 30 may tarixli 94-IQ nömrəli qanun ləğv ediləcək.