Milli Məclisdə “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə edilib.
Fins.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, mərkəzi icra hakimiyyəti orqanlarında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) qəbul yalnız həmin orqanların təşkil etdikləri daxili müsahibə əsasında həyata keçiriləcək. Layihəyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarının və birinci-üçüncü təsnifatlara uyğun olan vəzifələrin siyahısı əlavə olunacaq.
Həmçinin layihəyə görə, dövlət qulluğunun xüsusi növündə - prokurorluq, ədliyyə müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslər qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil ediləcək. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.
Eyni zamanda qeyd edilib ki, qanunun mövcud redaksiyasında dövlət qulluğu sertifikatına malik olan namizədlərin heç bir məhdudiyyət qoyulmadan Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müsahibələrdə iştirakı nəzərdə tutulsa da, bir çox hallarda müsahibədə iştirak üçün müraciət etmiş namizədlərin müsahibəyə gəlməməsi və bu səbəbdən DİM üçün əlavə xərclərin yaranması hallarına rast gəlinir. Bu cür halların qarşısını almaq üçün dövlət qulluğu sertifikatının qüvvədə olma müddətinin hər ili ərzində dövlət qulluqçusunun beş müsahibədə iştirakının ödənişsiz, beşdən artıq müsahibədə iştirak üçün isə Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə ödəniş ödəməsi nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.