RƏSMİ

12 Fevral

İqtisadi Şuranın fəaliyyəti ilə bağlı işçi qruplar yaradılacaq

İqtisadi Şuranın fəaliyyətinin təşkili qaydaları açıqlanıb.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən  “Azərbaycan Respublikasının İqtisadi Şurası haqqında Əsasnamə”də əksini tapıb.

Sənəddə qeyd edilib ki, Şuranın sədri aşağıdakı vəzifələri yerinə yetirir:

 

- Şuranın işini təşkil edir və ona rəhbərlik edir;

-Şuranın fəaliyyət planını təsdiq edir və onun icrasına nəzarət edir;

- Şura üzvlərinin təkliflərini nəzərə almaqla, Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslara sədrlik edir;

- Şuranın qərarlarını və onun fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

- Şuranın fəaliyyəti ilə bağlı müvafiq işçi qruplar yaradır;

- Şuranın fəaliyyəti, o cümlədən sosial-iqtisadi inkişaf strategiyasının formalaş¬dırılması və icra vəziyyəti, ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə Azərbaycan Respublikasının Prezidentinə hər yarımildən sonrakı ayın 30-dək məlumat verilməsini təmin edir;

- Şuranın Katibliyinin və işçi qruplarının iş qaydasını təsdiq edir;

-Şuranı təmsil edir;

- Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər cari işləri görür.

Şura sədrinin hüquqları aşağıdakılardır:

-Şuranın iclaslarını çağırmaq və aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrini bu iclaslara dəvət etmək;

-Şuranın iclaslarında qəbul edilmiş qərarların, iclasların nəticələrinə dair imzalanmış sənədlərin icrası ilə bağlı tədbirlər görmək;

-Şuranın fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.

Şura üzvlərinin vəzifələri aşağıdakılardır:

- Şuranın fəaliyyəti ilə bağlı məlumatları Şura sədrinin sorğularına əsasən, tam və vaxtında təqdim etmək;

- Şuranın iclaslarında qəbul edilmiş qərarların, iclasların nəticələrinə dair imzalanmış sənədlərin icrası ilə bağlı tədbirlər görmək;

- Şuranın fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirmək.

Şura üzvlərinin hüquqları aşağıdakılardır:

- Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;

- Şuranın iclaslarının gündəliyi ilə və baxılması nəzərdə tutulan materiallarla əvvəlcədən tanış olmaq;

- Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxmaq barədə təklif vermək;

- Şurada qəbul ediləcək qərarlara dair fikir bildirmək;

- Şuranın qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olmaq, onlara dair rəy və təkliflər vermək;

- təmsil etdikləri qurumun Şura üzrə koordinatorunu müəyyən etmək;

- Şuranın fəaliyyəti ilə bağlı digər hüquqları həyata keçirmək.

Qeyd olunub ki, Şuranın fəaliyyətinin təşkili ilə bağlı işləri Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirir.

- Şuranın Katibliyinin tərkibini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.

-Şuranın Katibliyi aşağıdakı vəzifələri yerinə yetirir:

-Şuranın fəaliyyəti ilə bağlı sədrin tapşırıqlarını icra edir və Şuranın fəaliyyətinin təşkilati təminatını həyata keçirir;

- Şura üzvlərinin təklifləri əsasında Şuranın iclaslarının gündəliyini hazırlayır və təsdiq olunması üçün Şuranın sədrinə təqdim edir;

- Şuranın iclaslarının keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə azı 3 (üç) iş günü, növbədənkənar iclaslar zamanı isə azı 1 (bir) iş günü qalmış zəruri sənədlər əlavə edilməklə Şuranın üzvlərinə yazılı məlumat verir;

- Şura sədrinin tapşırığı ilə aidiyyəti dövlət orqanlarının (qurumlarının), hüquqi şəxslərin nümayəndələrini və mütəxəssisləri Şuranın iclaslarına dəvət edir;

- Şuranın iclaslarını protokollaşdırır və iclasın yekun sənədlərinin layihələrini Şuranın sədrinə təqdim edir;

- imzalanmış sənədlərin icrası ilə bağlı görülmüş işlər barədə hesabatları və digər zəruri məlumatları əldə edir, onları təhlil edərək ümumiləşdirir;

- Şuranın iclaslarının protokollarının və Şuranın qərarların surətlərini Şura üzvlərinə, habelə qərardan çıxarışı aidiyyəti dövlət orqanlarına (qurumlarına) göndərir;

- Şuranın iclaslarında qəbul olunmuş qərarlarının və imzalanmış sənədlərin uçotunu aparır və onların saxlanılmasını təmin edir;

- Şuranın qərarı ilə onun fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, iqtisadi sahədə fəaliyyət göstərən subyektlərə aidiyyəti üzrə sorğular verir, məlumatlar, hesabatlar, arayışlar və digər sənədlər alır;

- Şuranın fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırır;

- Şuranın fəaliyyəti ilə bağlı digər işləri həyata keçirir.

- Şuranın iclasları ayda bir dəfədən az olmayaraq Şuranın sədri tərəfindən çağırılır. Şuranın növbədənkənar iclasları Şura sədrinin və ya Şura üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırılır.

- Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici hesab olunur.

- Şuranın iclaslarında qəbul edilmiş qərarlar protokolla rəsmiləşdirilir, Şuranın sədri və üzvləri tərəfindən imzalanır.

- Şuranın yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.