Baş nazir Əli Əsədov ""Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasının təmin edilməsi barədə” sərəncam imzalayıb.
Fins.az-ın məlumatına görə, sərəncama əsasən, baş nazir İqtisadiyyat Nazirliyinə müvafiq tapşırıqlar verib.
İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla dövlət qeydiyyatına alındığı gündən MEDİA-nın inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı ilə bağlı təkliflərini on beş gün müddətində Nazirlər Kabinetinə təqdim etməli, Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin edib, Nazirlər Kabinetinə məlumat verməlidir.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.