RƏSMİ

11 Fevral

Əli Əsədov Mingəçevirlə bağlı SƏRƏNCAM İMZALADI

Mingəçevirdə 6,98 hektar torpaq sahəsi Təhsil Nazirliyinin daimi istifadəsinə veriləcək.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Mingəçevir Şəhər İcra Hakimiyyəti Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişaf etdirilməsi üçün Mingəçevir şəhəri, Heydər Əliyev prospekti, 108 ünvanında yerləşən sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 6,98 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın tələblərinə uyğun olaraq vəsatət qaldırılmasını bir ay müddətində təmin etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə nəzərdə tutulmuş torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi,  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə isə ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə rəylərini 10 gün müddətində Mingəçevir Şəhər İcra Hakimiyyətinə təqdim etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmaqla, nəzərdə tutulmuş torpaq sahəsinin yerquruluşu planını 20  gün müddətində hazırlayaraq təsdiq etməlidir.

Qeyd edək ki, Nazirlər Kabineti “Kimya sənayesi müəssisələrinin və təşkilatlarının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 mart tarixli 648 nömrəli Sərəncamında dəyişiklik edilməsi və Mingəçevir şəhərində təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 26 dekabr tarixli 2365 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə sərəncam verib. Nəzərdə tutulan torpaq sahəsi ləğv edilən “Mingəçevir Şüşə Lifi” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur.