RƏSMİ

09 Fevral

Övladlığagötürmə asanlaşır - Qanuna dəyişiklik edilir

Azərbaycanda övladlığagötürmə asanlaşdırılır. Bununla bağlı Ailə Məcəlləsində dəyişiklik edilir.

Məsələ bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclasında müzakirəyə çıxarılıb.

Məsələ barədə məlumat verən Hicran Hüseynova diqqətə çatdırıb ki, cənab Prezidentin 2018-ci ildə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilmiş və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılmışdır. İndi təklif edilən dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır.

Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır.

Dəyişiklik müzakirələrdən sonra plenar iclasa tövsiyə edilib.

Qeyd edək ki, iclasda komitə üzvləri Rəşad Mahmudov, Tamam Cəfərova, Sevil Mikayılova və Rauf Əliyev də iştirak ediblər.