Zərgərlik sənayesində islahatların aparılması, valyutanın xaricə axınının qarşısının alınması, bunun müqabilində qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı ilə məşğul olan yerli sahibkarların təşviq edilməsi, zərgərlik və nəqqaşlıq kimi qədim peşələrin inkişafına töhfə verilməsi, onların fəaliyyətinin dəstəklənməsi məqsədilə aksiz güzəştləri tətbiq olunacaq.
Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə təsdiqedici sənəd əsasında dəzgah, avadanlıq və qurğuların idxalının 2021-ci il yanvarın 1-dən 3 il müddətinə və külçə, sikkə və qranul şəklində qızılın və gümüşün satışının əlavə dəyər vergisindən, eləcə də idxal olunan platin, qızıl və onlardan hazırlanmış zərgərlik və digər məmulatlar, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 2021-ci il yanvarın 1-dən 3 il müddətinə aksizdən azad edilməsi təklif edilir.