01 Noyabr

Poçt şöbələri krediti nə vaxt verəcək?

Azərbaycan milli poçt operatoru - “Azərpoçt” MMC kredit verilişinə və əmanət qəbuluna ən tezi gələn ildən başlayacaq. Fins.az-ın “ICTnews”a istinadən verdiyi məlumata görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnfrastrukturun inkişafı şöbəsinin Poçt sektorunun müdiri Novruz Məmmədov bildirib. Onun sözlərinə görə, nazirlik bununla bağlı təkliflərini Azərbaycan Mərkəzi Bankına təqdim edib və "Azərpoçt"da maliyyə xidmətlərinin göstərilməsi üçün qanunvericilikdə dəyişikliklər tətbiq edilməlidir. “Bu ilin sonuna kimi bu məsələ gündəmdə deyil, çünki ən azından qanunvericilikdə dəyişikliklər edilməlidir ki, biz bu xidmətləri göstərməyə başlayaq”, - deyə N. Məmmədov qeyd edib.

Milli poçt operatoru ölkənin maliyyə xidmətləri bazarının 5%-nə sahib olacağını proqnozlaşdırır. Azərbaycanda 40-dan yuxarı bankın, yəni olduqca böyük rəqabətin olmasını nəzərə alaraq, poçt sektorunun ümumi maliyyə xidmətləri bazarındakı payının məhz bu qədər təşkil etməsi artıq nailiyyət sayıla bilər. Lakin “Azərpoçt”un bir böyük üstünlüyü var - hətta ucqar kəndləri belə əhatə edən geniş xidmət şəbəkəsi, hansı ki, ümumi bankların filial şəbəkəsindən 2 dəfə daha böyükdür.