Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti İsmayıllı rayonunda əmək yarmarkası keçirəcək. Nazirlikdən fins.az-a verilən məlumata görə, yarmarka İsmayıllı şəhərinin Heydər Əliyev prospektində, Mədəniyyət Sarayının qarşısında təşkil olunacaq. Tədbirdə işsiz və iş axtaran vətəndaşlara dövlət və qeyri-dövlət sektoruna aid 100-dən çox müəssisə üzrə 420-dən çox boş iş yerinin təqdim ediləcək. Yarmarka zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı aparılacaq və qısa müddətdə onlar üçün kursların təşkili təmin olunacaq. Tədbirdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün qanunvericiliyə uyğun şəkildə müəyyən olunmuş şəkildə kvota üzrə iş yerləri də təqdim ediləcək, haqqı ödənilən ictimai işlərə cəlb edilmək istəyənlər qeydiyyata götürüləcək. Bu ilin 1-ci yarısında ƏƏSMN 11 şəhər və rayonda əmək yarmarkası keçirib. Nəticədə 650 nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub.