2015-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 454,8 manat olub. Son bir ildə bu göstərici 3,8% və ya 16,7 manat artıb. Komitənin məlumatına görə, ən yüksək əmək haqqı mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində və tikintidə qeydə alınıb. Belə ki, mədənçıxarma sənayesində orta aydıq əmək haqqı 2021,9 manat, maliyyə və sığorta fəaliyyətində 1201,2 manat, informasiya və rabitədə 752,7 manat, peşə, elmi və texniki fəaliyyət sahəsində 667,5 manat, tikintidə 666 manat təşkil edir. Ən aşağı orta aylıq əmək haqqı isə səhiyyə və əhaliyə sosial xidmətlərin göstərilməsi sahəsindədir - 201,2 manat.
Ən çox işçi təşsil sahəsindədir
2015-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1505,6 min nəfər olub, onlardan 875 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 630,6 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,4% təhsildə, 18,9% ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2% sənayedə, 8,8% əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7% tikintidə, 4,6% nəqliyyat və anbar təsərrüfatında, 3,8 % peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7% informasiya və rabitə sahəsində və 18,0% iqtisadiyyatın digər sahələrində məşğul olublar.