01 Noyabr

Əmək yarmarkalarında iş tapmaq olurmu?

2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən 60 əməke yarmarkasında 4800-dən artıq vətəndaş işlə təmin edilib. Nazirlikdən fins.az-a verilən məlumata görə, yarmarkalar paytaxtda və ölkənin regionlarında təşkil edilib.

Yarmarkalarda 5753 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib. Onlardan 4838 nəfəri (və ya 84,1 faizi) göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib. Əmək yarmarkaları zamanı peşə və ixtisası olmadığına görə münasib iş seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 396 nəfər əmək bazarının tələblərinə uyğun peşə hazırlığına cəlb olunub. Tədbirlər zamanı 204 nəfər ödənişli ictimai işlərə göndərilib.

2014-cü il ərzində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərindəki ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə 10 aktiv məşğulluq tədbiri keçirilib. «Karyerada ilk addım» devizi altında keçirilən həmin tədbirlər nəticəsində 185 nəfər münasib işlə təmin edilib.