Dubayda uzunluğu 5 km və dəyəri təqribən 6 milyon dollar olan qızıl boyunbağı hazırlanıb. Fins.az məlumatına görə, bu barədə ərəb əmirliklərinin «The National» qəzeti məlumat yayıb. Boyunbağının qızıldan hazırlanan ən uzun zinət əşyası kimi Ginnesin Rekordlar Kitabına salınması gözlənilir.
Onun hazırlanması üçün 100 nəfər 45 gün müddətində çalışıb. 22 karatlıq 4 milyon hissədən ibarət qızıldan hazırlanan və çəkisi 256 kiloqram olan qızıl boyunbağının dəqiq uzunluğu 5,52 kilometrdir.
Qeyd edək ki, boyunbağı 20-ci Dubay Ticarət Festivalı çərçivəsində hazırlanıb. Yanvarın 1-dən fevralın 1-dək davam edəcək bu festivala Azərbaycanlı turistlərin də qatılması nəzərdə tutulur. Azərbaycanın bəzi bankları bu səyahət üçün müştərilərinə endirimlər də təklif edirlər.
Qeyri-adi dərəcədə uzun boyunbağıya baxmaq istəyənlər turistlər arasında qızıl bazarı kimi tanınan Dubayın köhnə şəhər hissəsinə gələ bilər.
Boyunbağı dünya rekordunu vurandan sonra hissələrə bölünərək satılacaq. Satılan hər hissəsinə onun Ginnesin Rekordlar Kitabına salınan məhz bu boyunbağıya aid olduğunu təsdiqləyən xüsusi unikal kod vurulacaq.