01 Noyabr

Аzərbaycanda heç bir sosial proqram dayanmayacaq

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycanda heç bir sosial proqram dayandırılmayacaq və bu istiqamətdə işlər davam etdirilir.

Fins.az-ın «Trend»ə istinadən məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, bu günədək 20 Yanvar hadisələrinin 53 əlili mənzillə, 72 əlil isə nəqliyyat vasitəsilə təmin olunub.

Nazir bildirib: "Bundan əlavə, 20 Yanvar hadisələrinin 112 şəhid ailəsi və 316 əlilinə bu il maliyyə yardımı göstərmişik. Hazırda 112 şəhid ailəsi hər ay 300 manat məbləğində prezident təqaüdü alır. Eləcə də həmin hadisələr zamanı əlil olmuş 316 birinci qrup əlilə aldıqları pensiya və müavinətlərlə yanaşı, hər ay 150 manat, 2-ci qrup əlillərə - 130 manat, üçüncü qrup əlillərə isə 100 manat məbləğində prezident təqaüdü verilir”.

S.Müslümov qeyd edib ki, həmin kateqoriyalar üzrə bütün güzəştlər saxlanılacaq.