Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən hazırda 13 003 nəfər tənha ahıl və əlil vətəndaş evlərində sosial-məişət xidməti ilə təmin olunurlar. Nazirlikdən verilən məlumata görə, onlardan 10753 nəfəri yaşı 70-dən yuxarı olanlardır. Qanuna uyğun olaraq, şəhər və qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçi həftədə azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərində olur, onlara ev təsərrüfatında təmizlik işlərinin aparılması, əsas tələbat mallarının alınması və s. işlərdə köməklik göstərir.
Ahıllıq və əlillik səbəbindən özünə qulluq qabiliyyəti olmayan, tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları və ya valideynləri olmayan vətəndaşlar (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) evlərində sosial xidmətlə təmin edilirlər.