01 Noyabr

Azərbaycanda yeni Ünvan Sistemi işə düşüb

2015-ci ilin sonuna Azərbaycanda Ünvan Reyestri İnformasiya Sistemi tam istifadəyə veriləcək. Fins.az-ın məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) təşkil etdiyi “Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemləri: nailiyyətlər və perspektivlər” mövzusunda İctimai Təqdimatda bildirilib.

Komitənin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırılması Mərkəzinin (DƏKTİM) direktoru Ramiz Quliyev bildirib ki, yeni Ünvan Sisteminin işə salınması ünvanvermə sahəsində elektron xidmətlərin tətbiq edilməsinə də şərait yaradacaq. Belə ki, 2015-ci ilin II yarısından etibarən nəqliyyat vasitələrində GPS navigatorlar üçün ünvanların məlumat bazasının istifadəyə verilməsi nəzərdə tutulur. 2015-2017-ci illərdə ölkə üzrə müasir dizaynlı ünvan lövhələrinin ölkə üzrə quraşdırılması işini yekunlaşdırılacaq. Bu məqsədlə dövlət orqanlarının malik olduqları informasiya sistemləri ÜRİS ilə inteqrasiya edilir.

2014-cü ilin martından etibarən Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) Bakı şəhərinin Səbail, Yasamal, Binəqədi, Xətai, Nərimanov, Nizami rayonları üzrə 60 küçədə ilkin mərhələdə tətbiqinə başlanılıb.

Ünvanlar yeni qaydalarla verilir

Paralel olaraq ölkənin şəhər və rayonlarında daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi davam edir. İndiyədək Bakı şəhərinin 630 küçə və prospekti üzrə 87,5 minyeni giriş ünvanları, 551 küçə və prospekti üzrə 250 min yeni daxili, 240 min köhnə daxili ünvanlar verilib. Sumqayıt şəhərində isə 166 küçə və prospekti üzrə 21 620 yeni giriş ünvanları, 55 911 yeni daxili ünvanlar, 54 490 köhnə ünvanlar ÜRİS-ə daxil edilib. Hazırda mövcud ünvanların yeni qaydalarla verilən ünvanlara dəyişdirilməsi prosesi gedir.

Bundan başqa, Bakı şəhərinin 340 küçə və prospekti üzrə giriş nömrə nişanları və bina ünvan lövhələri, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi və 30 ədəd küçə istiqamətləri nişanı quraşdırılıb.