Azərbaycanda iş yerindən əmək müqaviləsi ilə maraqlananların sayı kəskin artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən fins.az-a verilən məlumata görə, yanvar ayında “Elektron hökumət” portalı üzərindən ən çox istifadə edilən elektron xidmətlər məhz əmək müqavilələri ilə bağlı olub. Belə ki, ötən ay «Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi» elektron xidmətindən 130 321 dəfə istifadə edilib.
Yanvarda iş yerindən 10 min elektron arayış verilib
İstifadə sayına görə ikini yeri “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” xidməti tutub. Bu xidmətdən 65 285 nəfər yararlanıb. Nəhayət, yanvarda iş yerindən 10 minə yaxın elektron arayış alınıb. Nazirliyin məlumatına görə, “İş yerinə dair arayış” e-xidmətindən 9 979 nəfər istifadə edib.
Bütün elektron xidmətlərin 40%-ni təşkil edir
Başqa sözlə, yanvar ayında dövrdə ƏƏSMN-nin yalnız bu üç e-xidmətindən ümumilikdə 205 585 dəfə istifadə edilib. Bu isə “Elektron hökumət” portalı üzərindən 43 qurum tərəfindən göstərilən 292 elektron xidmətə dair ümumi istifadə sayının (532785 ədəd) 38,5 faizini təşkil edib.
Əmək münasibətlərinin qeydiyyatı şəfaflaşıb
Xatırladaq ki, “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti ƏƏSMN tərəfindən ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə bağlı olaraq, əmək münasibətlərinin elektron müstəvidə qeydiyyata alınmaqla şəffaflaşdırılmasına xidmət edir. Bu sistemin tətbiqi eyni zamanda “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də əhalinin istifadəsinə verilməsinə imkan yaradıb.