2014-cü ildə respublikanın 43 şəhər və rayonundan 500-dən çox təklif daxil olub. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib. Onun sözlərinə görə, müraciətlərin bir qismində Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, bu məqsədlə müxtəlif materiallardan hazırlanmış, Ulu öndərin şəkli və sözləri həkk olunmuş suvenirlərin buraxılması təklif olunur. Daxil olmuş təkliflər arasında I Avropa Oyunlarına xüsusi diqqət yetirilməsi, kəndlərdə mədəniyyət evlərinin tikinti və təmirinin davam etdirilməsi də yer alıb.
Daxil olan müraciətlərin bir qismi metro stansiyalarında əlillər və uşaqların daha rahat hərəkətinə şərait yaradılması, Azərbaycan alimlərinin və mühəndislərinin təklif etdiyi layihələrdən geniş istifadə edilməsi, elmin inkişafına aiddir.
Bəzi müraciətlərdə Dağlıq Qarabağ məsələsində təbliğat işinin gücləndirilməsi, gənc istedadlar üçün xüsusi məktəblərin açılması, orta məktəblərdə ekoloji guşələrin yaradılması, xalq tətbiqi sənət nümunələrinin istehsalı və satışının təşkil edilməsi xahiş edilir.
Kredit faizlərinin endirilməsi, yeni yolların salınması, bir sıra yolların təmir olunması, müasir elektrotexnika müəssisələrinin, yeni aqrolizinq, fitosanitar, baytarlıq regional məsləhət mərkəzlərinin yaradılması, geni modifikasiya olunmuş məhsulların toxumlarından istifadənin qarşısının alınması və sair çoxsaylı məsələlər barədə təkliflər, fikirlər, mülahizələr verilib. Təkliflərin bəziləri nəzarət qaydasında baxılaraq həll olunub, daha dərindən öyrənilməsi tələb olunan təkliflər baxılmaq üçün aidiyyəti qurumlara göndərilib.