"Manatla dolların bərabərləşməsindən ən çox istehlak bazarı, yəni əhali əziyyət çəkəcək". Fins.az- xəbər verir ki, bu barədə "Report"a iqtisadçı ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin keçmiş müavini Oqtay Haqverdiyev manatın dollara qarşı rəsmi məzənnəsini şərh edərək bildirib.
"Nəticədə dövriyyədə olan manat kütləsi artacaq, yəni əhali manatı satıb dollar alacaq", - O.Haqverdiyev bildirib.
Onun sözlərinə görə, manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticəsində qiymətlər qalxmağa başlayır.
"Düşünürəm ki, bu addımın nəticəsində qiymətlər təxmini 10-12% bahalaşacaq. Xüsusilə bu, istehlak bazarında baş verəcək və ən çox dollara xaricdən avadanlıq və xammal alan və onu Azərbaycanda manata satan hüquqi şəxslərə ziyan dəyəcək", - o vurğulayıb.
Manatla dolların bərabərləşməsi fonunda kreditlərin verilməsi məsələsinə toxunan ekspert vurğulayıb ki, kreditlərlə əlaqədar Rusiyada baş verən hadisələr Azərbaycanda da baş verəcək.
"Kreditləri valyuta, yəni dollar və ya avro ilə alan şəxslər, sözsüz ki, böyük problemlərlə üzləşəcək", - O.Haqverdiyev deyib.