Bu gün ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımdan 23 il keçir. Fins.az-ın məlumatına görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalını işğal edərkən, etnik azərbaycanlılara qarşı soyqırım törədib.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban verib.
Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutulub. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma onlardan 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca və qarı qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.