01 Noyabr

Manatın devalvasiyası istehlak səbətini bahalaşdırmayıb - NAZİRLİK

Manatın devalvasiyasından keçən 10 gün ərzində minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymət artımı müşahidə edilməyib.
Fins.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.
Nazir müavini son 11 ay ərzində Azərbaycanın əsas ticarət partnyorları olan Avropa İttifaqı ölkələrində avronun 18,5%, həmçinin Rusiyada rublun 72%, Türkiyə lirəsinin 23%, Gürcüstanda larinin 21% ucuzlaşdığını qeyd edib. O, belə olan təqdirdə ölkəmizin valyuta ehtiyatlarının qorunması üçün manatın devalvasiyasının iqtisadi baxımdan tam məntiqli və məqsədəuyğun addım olduğunu vurğulayıb: “Bununla əlaqədar ƏƏSMN hazırda manatın məzənnəsinin dəyişdirilməsinin ölkənin sosial müdafiə və sosial təminat sisteminə, eləcə də əmək bazarına təsirlərinin monitorinqini və qiymətləndirilməsini həyata keçirir. Bu məqsədlə yaradılmış monitorinq qrupları respublikanın seçilmiş şəhər və rayonlarında yerləşən topdansatış ticarət müəssisələrində, bazarlarda, supermarketlərdə və xırda ticarət obyektlərində Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarı ilə minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymətlərin dəyişməsi vəziyyətini aydınlaşdırıb. Əldə olunmuş məlumatlar manatın devalvasiyasından keçən 10 gün ərzində monitorinq aparılan ticarət müəssisələrində qiymət artımının müşahidə olunmadığını göstərir”.