“Mənim fikirimcə, Azərbaycanda işçilərə görə tətbiq edilən vergilər daha ağırdır”. Fins.az-ın “Marja” istinadən yaydığı məlumata görə, bunu III Beynəlxalq “Caspian Energy Forum-2015”də çıxışı zamanı “Azersun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal deyib.
“İşçilərə görə tətbiq edilən vergilər yüngül olmalıdır ki, vergidən yayınmalar azalsın. Hansı ölkə vergini azaldırsa, onun topladığı vergilər, vergiləri azaltmayan ölkələr ilə müqayisədə dəfələrlə çox olur. Azərbaycanda işçi çalışdırmağın yükü çox ağırdır. İşçiyə görə işverən üzərindəki yüklər yüngülləşdirilməlidir ki, hər şey rəsmiyyətə doğru getsin. Əks halda şirkətlər xərclərini azaltmaq üçün işçiləri çıxartmağa başlaya bilərlər”.
Abdolbari Goozal qeyd edib ki, istehsalçı şirkətlərin idxal etdikləri xammala tətbiq edilən gömrük rüsumları da aşağı salınmalıdır:
“İstehsalçılar tezliklə dövlətdən təşviqlər gözləyir. Biz bu gün dişimizi sıxıb durmuşuq. Dövlətdən dəstək alarıqsa cəsarətlənərik. Dövlət paketləmə daxil sənayeni təşviq etməlidir”.