Azərbaycanın gənc iş adamlarından biri olan Fərid İsmayılzadə şəxsi biznesdə əldə etdiyi uğurların sirrini açıqlayıb. Fins.az-ın məlumatına görə, bu barədə sahibkar öz bloqunda məlumat verib. Açıqlamanı təqdim edirik:
Xidməti söz verdiyin kimi həyata keçir
Biznesiniz və verdiyiniz xidmət nə olursa olsun, brendinizin verdiyi söz tutulmasa uğurlu olmayacaqsınız. Buna görə də çalışın xidmətin verilməsi prosesində kontrol maksimum sizdə olsun. Sizdə də deyilsə partnyorlarınıza razılaşmalarınız yetərincə möhkəm olsun.
Məsələn, bu gün Hesab.az da ödəniş edilən şirkətlərin 99%-i ilə GoldenPay-in birbaşa müqaviləsi var. Problem olanda rahat müdaxilə edə bilirik və buna görə də ödənişlərin uğurla tamamlanacağına zəmanət verə bilirik. Biz ortada bir şirkətə qoşulub, onlar vasitəsi ilə də digər şirkətlərə qoşulmamışıq. Bu həmdə bizə digər şirkətlər tərəfindən göstərilmiş güvəndir.
Bu işlə “full time” məşğul ol
Bir çox startupçı bu bizneslə "full time" məşğul olmur. Əlbəttə bu başa düşüləndir. Evlərinə çörək pulu aparmalıdırlar. Amma mənim tanıdığım bütün uğurlu layihələrin qurucuları bu işlə "full time" məşğul olanlar olub. Dəfələrlə dibi görüblər. Borca düşüblər. Onun bunun hesabına dolanıblar amma axırda onlarda alınıb. Hər hansı bir bankda, rabitə operatorunda və ya başqa bir şirkətdə işləyib boş vaxtında bu işlə məşğul olacaqsansa, xüsusən də bu işin “qurucusu”sansa, yığdığın komanda da dünyada və ölkəmizdə “part time” işləyənlərdən ibarətdirsə, işin keyfiyyətində problemlər ola bilər. Bu halda uğurlu olmaq çətin olar.
Müştəri xidmətləri
Xidmət zamanı problemlər ola bilər. Məsələ həmin problemi ən qısa zamanda ən sürətlə şəkildə həll etməkdir. Hətta şirkətin sahibi olsan belə müştəriləri dinləməli və lazım gəldikdə həmən müdaxilə etməyi özünə layiq görməli və problemin ən qısa zamanda həll etmək üçün əlindən gələni etməlisən. Mənim bir dostum elektron maqazininə sifariş çatdırılmasında problem olmasın deyə bir neçə dəfə özü öz maşını ilə çatdırılmanı həyata keçirmişdir. Mən Facebookumdakı dostluğumdakı adamların problemlərini həll etmək üçün ən azında həftədə 3-5 sorğu ilə şəxsən məşğul oluram.
Təhlükəsizliyə diqqət
İnternet və ya mobil biznesinizdə bank kartları ilə ödənişlər varsa və ya saytınızda müştərilərinizə aid məlumatlar varsa onda təhlükəsizlik ən yüksək səviyyədə olmalıdır. Məsələn hesab.az-da bir neçə gün öncə kart məlumatlarının daxil edilməsi funksiyasını təqdim etdik. Bu yeni funksiya olan kimi profilə daxil olmaq üçün “2 mərhələli daxil olma sistemi” yaratdıq. İndi bilirsiniz yaxşı qorunmayan istənilən profilə daxil olmaq asan işdir. Bu sizin emailiniz olsun və ya Facebook profiliniz olsun fərq etməz. Buna görə də gərək bunu mümkün qədər çətinləşdirəsən. Sonra isə kartı əlavə etmək prosesini özünü təhlükəsizləşdirdik. 3D təhlüksizlik xidmətinə qoşulmamış kartlardan 1-dən 99 qəpiyə qədər bir məbləği silib karta qaytardıq və muştəridən bu məbləği bankından bir şəkildə öyrənib daxil etməyi tələb edirik. (paypal.com kimi) Bundan əlavə sizin kartdan profilinizdə olmayan bir nömrəyə ödəniş etməyi də çətinləşdirdik. Kart bilgilərini isə PCİ standardlarına uyğun yerdə gizlətdik. Bütün bunlar müştəriləin təhlükəsizliyi üçündür. Çünki bir dəfə bu problemlə üzləşən müştəri nəinki sizin biznesdən istifadə etməz, hətta o heç vaxt internetə onlayn xidmət əldə etməz. Müştərilərinin təhlükəsizliyini bir nömrəli məsələ etməyən biznesin ömrü ilk haker hücumuna qədərdir.
Şəffaf olmaq lazımdır
Biznesinizdə maksimum şəffaf olun. Çalışın kimlər olduğunuzu, nələr etdiyinizi bilsinlər. Nə qədər şəffaf olsanız biznesiniz o qədər də çox istifadə olunar. Məsələn: Hesab.az portalının GoldenPay şirkətinə aid olduğunu hamı bilir. GoldenPay şirkətinin isə təsisçiləri gizli məlumat deyil. Nə qədər istifadəçimiz var, nə qədər əməliyyat olur barədə mütəmadı olaraq mətbuata məlumat veririk. Bizim şirkətin hər il KPMG tərəfindən audit edildiyini, bu günlərdə bütün maliyyə məlumatlarının və planlarının GoldenPayin yeni saytına yerləşdirməkdən belə çəkinmirik. Bəs digər portallar bunu edirmi?
Rahat interfeys
Bu biznesdə interfeys çox önəmlidir. Söhbət həm dizayndan, həm də kliklərin sayından, həm istifadə edilən sözlərdən və s gedir. Əgər proqram təminatı tamami ilə sizə aiddirsə onda bu iş çox asan olar. Əvvəldə hazır sistemlərdən istifadə etmək olar amma bəlli bir vaxt sonra tamami ilə sizə aid bir sistem olması çox vacibdir. Portalınızı hamısının eyni dildə olması və s. güvən üçün önəmlidir.
Daima inkişaf etmək
İnternet biznesi bir dəfə qurub qırağa çəkilmək olmaz. Onu daima inkişaf etdirmək lazımdır. Daima yeni imkanlar, funksiyalar, marketinq kampaniyaları və s. keçirtmək lazımdır.