01 Noyabr

“Tikinti sektorunda əməyin mühafizəsinə tam əməl olunmur” - Səlim Müslümov

2014-cü ildə Azərbaycanda istehsalat qəzaları nəticəsində zərərçəkənlərin 26,0%-i, həyatını dəyişənlərin isə 31,1%-i tikinti sektoruna aid olub. Fins.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib. Onun sözlərinə görə, bu statistik göstəricilər tikinti sektorunda hələ də əməyin mühafizəsi normalarına və qaydalarına riayət olunmasında problemlərin mövcudluğunu göstərir: “Tikinti müəssisələrində aparılmış dövlət nəzarəti və bədbəxt hadisələrin təhqiqatı zamanı aşkar olunub ki, bir çox hallarda həmin müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmur, işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsində ciddi nöqsanlar qalmaqdadır”.

Nazir onu da qeyd edib ki, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə işəgötürənlər arasında maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirilib: “İlk dəfə olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti 2014-cü ilin sentyabr ayından başlayaraq “Təhlükəsiz iş həftəsi”, cari il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, bu ay isə “Təhlükəsiz iş aylığı” elan edib. Bu tədbirlər çərçivəsində çoxaşəxli məlumatlandırma tədbirləri ilə bərabər, müvafiq qurumların nümayəndələrinin iştirakı ilə tikinti və bir sıra istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyəti yerindəcə araşdırılır. 2014-cü ildə həyata keçirilən dövlət nəzarəti zamanı işçilərin həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin mövcud olduğu 12 tikinti sahəsində, mişar və dekorativ üzlük daşlarının istehsalı ilə məşğul olan 4 müəssisədə (daş karxanalarında) işlər aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb”.