Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən anbarda yoxlama aparıb. Komitədən fins.az-a verilən məlumata görə, anbar Səfərəliyev Kamil Sədyar oğluna məxsus olub.
Araşdırma zamanı məlum olub ki, adı çəkilən vətəndaş yararlılıq müddəti bitmiş, istehlaka yararsız, üzünü kif örtmüş kolbasa və ət məhsullarını alır, məhsulların üzərindəki kifi təmizləyərək, həmçinin istehsal və son istifadə tarixini pozaraq məhsulları yenidən Sumqayıt şəhərində yerləşən bəzi ictimai iaşə müəssisələrinə və şadlıq saraylarına satır.
Yoxlama zamanı anbarda 2085 kq yararsız kolbasa və ət məhsulları aşkar edilib. Onların satışının və realizasiyasının dayandırılması barədə vətəndaşa tələbnamə təqdim olunub və məhsullardan nümunə götürülərək laboratoriyaya təqdim olunub.