Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Qaz təchizatı - Layihələndirmə normaları” standartına dəyişiklik edib. Bu barədə fins.az “Turan”a istinadən xəbər verir. Dəyişikliyə əsasən, qazlaşdırılan bütün təyinatlı binalarda qəza hallarında təhlükəsizliyin təmin edilməsi məqsədilə qaz verilişini dayandıran qurğular və avtomatik sistemlər nəzərdə tutulmalıdır. Bu binalarda yanğın əlaməti olanda xəbərdarlıq edən siqnal vericiləri quraşdırılmalıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, daxili qaz kəmərlərində qazın təzyiqi normadan çox olduğu hallarda qaz işlədən avadanlıq qarşısında qazın optimal yanmasını təmin edən tənzimləyici-sabitləşdiricilər quraşdırılmalıdır. Yeni yaşayış binalarında alovun nəzarətsiz sönməsi baş verəcəyi halda, qazın verilməsini dayandıran təhlükəsizlik avtomatikası ilə təchiz olunmuş qaz cihazlarından istifadə edilməlidir.
Bundan başqa, bütün mənzillərdə qazla çirklənməni göstərən cihazlar quraşdırılmalı, bunlar binanın qaz verilişini dayandıran elektromaqnit qapaqla əlaqələndirilməlidir. Bu işlər lisenziyalı təşkilat tərəfindən həyata keçirilməlidir.