“Mercer” beynəlxalq məsləhət şirkəti dünyanın yaşayış üçün 10 ən bahalı şəhərinin builki siyahısını açıqlayıb. Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni reytinq cədvəlində əvvəlki illərdən fərqli olaraq Moskva və Tokionun adı yoxdur.
Rusiya paytaxtı rublun zəifləməsi, həmçinin qlobal proseslərin ölkə iqtisadiyyatına mənfi təsiri nəticəsində 50-ci yerə düşüb. Halbuki, ötən il Moskva ən bahalı şəhərlər arasında 9-ci yeri tutmuşdu, 2013-ci ildə isə 2-ci pillədə idi. 2014-cü ildə 7-ci yeri tutnuş Yaponiya paytaxtı isə ABŞ dollarına nisbətdə milli valyutanın zəifləməsi nəticəsində 11 pillə aşağı düşüb.
“Mercer”ə görə, dünyanın ən bahalı şəhəri ötən 2 ildə olduğu kimi yenə də Anqolanın paytaxtı Luandadır. Reytinqdə 2-ci və 3-cü yerləri Honkonq (Çin) və Sürix (İsveçrə) şəhərləri tutub.
“Mercer” dünyanın ən bahalı şəhərlərinin reytinqini tərtib edərkən Nyu-Yorkdakı həyat səviyyəsi və qiymət etalonuna görə 5 qitədə 200-dan artıq şəhəri müqayisə edir.