01 Noyabr

Daha 29 əlil Türkiyəyə müalicəyə göndərildi - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 29 əlili Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə göndərib.

Nazirlikdən fins.az-a verilən məlumata görə, onlar qonşu ölkənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində (NTB) müalicə kursu keçəcəklər. Hazırda göndərilən qrup da daxil olmaqla son 2 ayda 115-dən çox əlil həmin mərkəzə göndərilib.

ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayevin sözlərinə görə, NTB-də zəngin müalicəvi təbii resurslardan, innovativ texnologiyalardan istifadə edilməklə yüksək səviyyəli həkim-reabilitoloqlar tərəfindən səmərəli fizioterapevtik bərpa-müalicə üsulları tətbiq edilir: “Mərkəzdə bərpa-müalicə kursunda olmuş əlilliyi olan şəxslər öz səhhətlərində yaxşılaşma hiss etdiklərini bildirirlər.”.

Mərkəzə göndərilən əlillər 5 ulduz oteldə yerləşdirilir. Onlarla birlikdə nazirliyin həkimi də Türkiyəyə ezam olunur və həm əlilliyi olan şəxslərimizə mərkəzdə xidmətlərin göstərilməsinə nəzarət edir, həm də oradakı reabilitasiya təcrübəsini öyrənir: “İyun ayında nazirlik ixtisaslaşmış bərpa müalicəsinə ehtiyac duyan sağlamlıq imkanları məhdud uşaqların da NTB-yə göndərilməsinə başlayacaq. Bu il valideynlərindən birinin müşaiyəti ilə 75 uşaq həmin mərkəzə göndəriləcək”.

Ümumilikdə, bu il xaricə bərpa-müalicə kursu keçənlərin sayı ötən illə müqayisədə 20% çox olacaq.