Mayın 19-da Bakının Azadlıq prospektində yanmış yaşayış binasının təmirinə ilkin olaraq 5 milyon maat vəsait ayrılıb. Fins.az-ın Modern.az-a istinadən yaydığı məlumata görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİB) başçısı Hacıbala Abutalıbov məlumat verib.
Onun sözlərinə görə, vəsait həm yardımlar, həm də təmir-bərpa işləri üçün nəzərdə tutulub: “Əgər bu vəsait çatmasa, yenidən ayrılması nəzərdə tutulub. Hələlik biz bu insanların ilkin maddi yardımını verməliyik. Əlimizdən gələni edəcəyik ki, oradan köçən əhali narahat qalmasın. Ayrılan vəsait binanın və mənzillərin təmirinə aiddir, mənzillərə mebellərin quraşdırılmasına yox”.
BŞİH başçısı qeyd edib ki, bina dayanıqlıdır və artıq onun təmirinə başlanıb: “Təmir-bərpa işləri 24 saat boyunca davam edəcək. Biz çalışacağıq ki, tez bir zamanda və yüksək səviyyədə binanın təmiri başa çatsın.”
Hacıbala Abutalıov onu da bildirib ki, binanın təmiri üçün imkanlı şəxslərin və ya şirkət rəhbərlərinin yardımına ehtiyac yoxdur: “Ona görə ki, bu işlərin hamısına dövlət tərəfindən vəsait ayılıb. Sözsüz ki, belə təkliflər gəlir. Amma biz onlara minnətdarlığımızı bildirib demişik ki, dövlət bütün bu işlər üçün nəzərdə tutulan vəsaiti özü ayırıb və ayıracaq. Dövlət vəfat edən və yaralı insanlara, əmlakını itirən sakinlərin hamısına birdəfəlik maddi yardım verib.