01 Noyabr

Yanğında ölənlərdən 11-nin kimliyi məlum oldu

Bakıda baş verən yanğın nəticəsində ölən 14 nəfərdən daha 7 nəfərin şəxsiyyəti müəyyənləşib. Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev məlumat verib. Həmin şəxslər aşağıdakılardır:

- Məhərrəmova Fərəh Elnur qızı (3 yaş),

- Bağırov Sahib Rəhim oğlu (49 yaş),

- Bağırova Firəngiz Rəhim qızı (60 yaş),

- Şirinova Zülfiyyə Yavər qızı (43 yaş),

- Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş),

- Eyvazov Davud Hamir oğlu (16 yaş),

-Eyvazova Ülkər Hamir qızı (21 yaş).

Ölənlərdən Bağırova Firəngiz Rəhim qızı ilə Bağırov Sahib Rəhim oğlu, Eyvazov Davud Hamir oğlu ilə Eyvazova Ülkər Hamir qızı qardaş-bacıdırlar.

Bundan əvvəl ölənlərdən 4-nün şəxsiyyəti müəyyənləşib. Onlar

- Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq),

- Kərimova Nazilə Malik qızı (39 yaş),

- Kərimova Ayan Anar qızı (5 yaş),

- Hüseynov Ayxan Şahin oğlu (2 yaş) idi.

Bununla ümumilikdə yanğın nəticəsində ölənlərdən 11 nəfərin şəxsiyyəti müəyyənləşib.

Ölən 14 nəfərdən 5-i azyaşlıdır.

Bu arada yanğın baş verən fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Prezident İlham Əliyev isə yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Komissiyası aşağıdakı tərkibdə yaradılıb:

Komissiyanın sədri:

Abid Şərifov - baş nazirin müavini

Komissiyanın üzvləri:

Ramil Usubov - daxili işlər naziri

Kəmaləddin Heydərov - fövqəladə hallar naziri

Zakir Qaralov - Baş prokuror

Eldar Mahmudov - milli təhlükəsizlik naziri

Oqtay Şirəliyev - səhiyyə naziri

Samir Şərifov - maliyyə naziri

Səlim Müslümov - əmək və əhalinin sosial müdafiəsi naziri

Hacıbala Abutalıbov - Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Dövlət başçısının tapşırığına əsasən, Dövlət Komissiyası:

- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirməlidir;

- baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını təmin etməlidir;

- hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etməlidir;

- yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etməlidir;

- yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdırsın və onun sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir;

- görülmüş işlər haqqında mütəmadi məlumat verməlidir.

Baş Prokurorluq isə Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.

Mənbə: AzərTAc, apa