Azərbaycanda dövlət büdcəsi xərclərinin azaldılması təhsil sahəsində layihələrin həyata keçirilməsinə problem yaratmayacaq. Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu il rəhbərlik etdiyi qurum tərəfindən ölkədə onlarla təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi nəzərdə tutulur: “İlin əvvəlindən bəri isə artıq bir neçə kənd məktəbi inşa edilib. Bundan başqa aidiyyat icra strukturları tərəfindən də müvafiq işlər həyata keçirilir. Bakı şəhərində yeni məktəblərin tikilməsi də davam edir. Yeni tədris ilinədək həm əsaslı təmir edilən, həm də yeni tikilən məktəblərin sayı 32-dir. Bunların arasında orta məktəblər, peşə təhsili məktəbləri və internat məktəbləri var. Bəzi məktəblərdə isə əsaslı təmir işləri aparılır”. Nazir onu deyib ki, Dünya Bankının Azərbaycanda ali təhsilin inkişafı ilə bağlı layihəsi nazirlikdə birgə işlənilərək hökumətə təqdim olunub. Hazırda müxtəlif dövlət qurumları ilə razılaşdırma prosesi davam edir.