Prezident İlham Əliyev yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında fərman imzalayıb. Bu barədə fins.az "AzərTAc"a istinadən xəbər verir. Həmçinin fərmana əsasən, “Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemindən istifadə Qaydaları” təsdiq edilib.
Bundan başqa, Prezident Administrasiyasına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə vətəndaşların müraciətlərinin elektron qeydiyyatı proqramı əsasında informasiya sisteminin yaradılması və 2015-ci il iyulun 1-nə qədər tətbiq olunması, informasiya sistemi qovşaqlarının fəaliyyətində informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerli icra hakimiyyəti orqanlarının həmin sistemdən istifadə edəcək məsul şəxsləri barədə məlumatı ümumiləşdirərək, müvafiq tədbirlər görülməsi üçün bir ay müddətində Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə təqdim etmək; informasiya sisteminin tətbiq olunması ilə əlaqədar həmin sistemdən istifadə üçün bilik və vərdişlərin artırılmasını və ondan təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə yerli icra hakimiyyəti orqanlarında müntəzəm təlimlərin keçirilməsini təşkil etmək tapşırılıb.
Yerli icra hakimiyyəti orqanları informasiya sisteminə daxil edilən məlumatların dəqiqliyinin, tamlığının və etibarlılığının təmin edilməsi üçün tədbirlər görəcək; informasiya sisteminin fəaliyyətinin təşkilini, istifadəsini və təhlükəsizliyini təmin edəcək; informasiya sisteminin tətbiqi üçün tələb olunan texniki vasitələrin alınması və lazımi iş şəraitinin yaradılması məsələlərini həll edəcəklər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi informasiya sisteminin mərkəzləşdirilmiş server avadanlığına texniki xidmət göstərilməsini təmin etməli; Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə informasiya sisteminin fasiləsiz fəaliyyətini və proqram təminatına dəstəyi təmin etməlidir.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə yerli icra hakimiyyəti orqanlarının informasiya sisteminə qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etmək; informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ilə birlikdə müvafiq tədbirlər görmək tapşırılıb.
Prezident Administrasiyası bu fərmanın icrasına nəzarəti həyata keçirəcək.