Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı 33%-dən çox azalıb. Bu barədə fins.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
420 min nəfər yardım alır
Məlumata görə, bu ilin noyabr ayında ölkədə 96 265 ailə (420 663 nəfər) ünvanlı yardım alıb. Bu, ötən olin eyni dövrü ilə müqayisədə 33,3 % azdır. Başqa sözlə, ötən ilə nisbətən yardım alan ailələrin sayı 47 638 ailə azalıb.
Nazirlikdə bu azalmanı sosial-iqtisadi inkişaf nəticəsində əhalinin rifah halının yaxşılaşması, eyni zamanda sosial yardımlarının təyinatında ünvanlılığa və şəffaflığa nəzarətin gücləndirilməsi ilə izah edirlər. Əvəzində, bir ailəyə düşən yardımın orta aylıq məbləği isə 7,5% artaraq 149 manata çatıb.
Yardımı kompüter təyin edəcək
Nazirlikdən bildirilib ki, hazırda ünvanlı dövlət sosial yardımı sisteminin tam avtomatlaşdırılması istiqamətində iş aparılır. Qabaqcıl dünya təcrübəsi əsasında qurulmuş yeni elektron sistem yardım üçün müraciətlərin elektron qaydada qəbul edilməsinə və yardımların avtomatik təyin olunmasına imkan verir.
Yardıma ehtiyacın müəyyən edilməsi qaydaları dəyişəcək
Bundan başqa, aztəminatlı ailələrin səmərəli əmək fəaliyyəti ilə məşğul olmaqla reabilitasiya edilməsi imkanlarının yaradılması, həmçinin ailələrin sosial yardımlara ehtiyacının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində də işlər aparılır. Bununla əlaqədar “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub.