01 Noyabr

«Xaçmaz bazarı qəsdən yandırılıb» - SATICILAR

Yanvarın 23-də gecə saatlarında Xaçmaz Mərkəzi bazarında yanğın olub. Fins.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, yanğın nəticəsində 4 anbarın dam örtüyü və içindəki mallar tamamilə, 1 anbarın tavanı isə qismən yanıb. Ümumilikdə 200 kv.m dam örtüyü yanıb. Fins.az-ın məlumatına görə, anbarlar sahibkar Aydın Əsgərbəyliyə məxsusdur.Yanğın nəticəsində geyim malları, ayaqqabılar, uşaq bezləri və yuyucu vasitələr yanıb. Dəymiş ziyan 30 min manata yaxındır. Bazarda çalışan satıcıların sözlərinə görə, yanğın qəsdən törədilib: “Anbarların qapı və pəncərələri sındırılıb. Bu da hadisənin qəsdən törədilməsi ehtimalını artırır. Çünki anbarlar yanlız bir sahibkara məxsusdur”.

Yanan mağazaları cəmi 650 manata sığortalamaq olardı

Yanan anbarlar sığortasız olub. “Azsığorta” şirkətinin Xaçmaz Şimal regional filialından fins.az-a verilən məlumata görə, yanan anbarları və içindəki malları birlikdə 650 manata sığortalamaq olardı. Daşınmaz əmlakın sığrtalanması üçün 500 manat, satılan malların sığortalanması üçün isə 150 manat kifayət idi. Bu halda sığorta təminatı isə 220 min manat təşkil edəcəkdi. Filialdan o da bildirilib ki, zərərçəkən sahibkara təklif edilsə də, anbarları sığortalamayıblar: “Dəfələrlə təklif olunmasına baxmayaraq, zərərçəkən sahibkar mağazaları sığortalamaqdan imtina edib”.