01 Noyabr

Əmək müfəttişləri işəgötürənlərlə görüşüb

Bu gün Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş seminar-müşavirə keçirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən fins.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatının (BƏT), TÜSİAB və ATİB-in, sığorta şirkətlərinin nümayəndələri və 120-dən çox işəgötürən iştirak edib.

Müşavirədə çıxış edən Müfəttişliyin rəisi Fuad Əlizadə bildirib ki, iş yerində mədbəxt hadisələrin əsas səbəbi işə götürənlərin məsuliyyətsizliyidir və bu sahəyə nəzarət gücləndirilməlidir: “Nəzarət tədbirlərinin nəticələrinin təhlili onu göstərir ki, istehsalatla əlaqəli bədbəxt hadisələr ilk növbədə işəgötürənlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, norma və standartlara əməl etməməsindən irəli gəlir. Ona görə də bu məsələlərlə bağlı işəgötürənlərin məsuliyyətinin artırılmasına ehtiyac var”.

Tədbirdə bildirilib ki, 2014-cü ildə əmək qanunvericiliyinin pozulması ilə bağlı 20417 hüquq pozuntusunun 10,3 faizi məhz əməyin mühafizəsinin tibbi-sosial məsələləri və texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə bağlı olub. “Belə hallara görə işəgötürənlərə qanunvericilik əsasında cəza tədbirləri tətbiq olunur».
Bundan başqa, nazirlik əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssislərin hazırlanmasında şirətlərə kömək etməyə başlayıb və ötən ilin noyabrından əməyin mühafizəsi üzrə tədris kursları təşkil edilib. İndiyədək həmin kurslara 119 nəfər cəlb olunub.

Müfəttişliyin rəisi bildirib ki, bu sahədə həmkarlar və işəgötürənlər təşkilatları, habelə istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin edilməsi üçün sığorta şirkətləri ilə fəal əməkdaşlıq edilir.

Seminar-müşavirədə AHİK-in sədr müavini Cavanşir Alxasov, BƏT-in Azərbaycan üzrə nümayəndəsi Yaşar Həmzəyev, ASK-nin hüquq şöbəsinin müdiri Mehman Mehmanov, ayrı-ayrı işəgötürənlər mövzu ilə bağlı fikirlərini səsləndiriblər. Tədbirdə əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində müəssisələrdə mövcud vəziyyət geniş müzakirə olunub, əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsi üçün qarşıda duran vəzifələrdən bəhs edilib. Tədbir zamanı əməyin mühafizəsi üzrə standartlar, norma və qaydalar barədə məlumatlar da təqdim edilib, işəgötürənlərin sualları cavablandırılıb.