01 Noyabr

Prezidentə iş yerindən şikayətlər - AÇIQLANDI

Ölkə rəhbərliyinə edilən müraciətlərin bir hissəsi vətəndaşların əmək hüquqlarının pozulması və işlə təminatı ilə bağlıdır. Fins.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib. Onun sözlərinə görə, respublikada həyata keçirilən böyük abadlıq və quruculuq işləri, yeni açılan müəssisələr hesabına təkcə keçən il 123 min, o cümlədən 100 mini daimi olan iş yerləri açılıb.

Lakin vətəndaşların əmək hüquqlarının pozulması və işlə təminatı barədə müraciətləri hələ də az deyil. Əmək mübahisələri ilə əlaqədar müraciətlərdə bir sıra özəl şirkətlər tərəfindən əmək müqavilələrinin bağlanmaması, nəticədə vətəndaşlara iş stajı hesablanmaması daha çox narazılıq doğurur. “Enermech”, “Tatlı” şirkətləri, “AzVirt” MMC, “Det Al.Aliminium” MMC, Caspian Sea, “TRUSİ-SS”, “Akkord” Tikinti Sənaye İnvestisiya Korporasiyası şirkətlərində belə hallara yol verilməsi müraciətlərdə öz əksini tapıb. İl ərzində əmək mübahisələri barədə daxil olan və nəzarət qaydasında baxılan müraciətlərin böyük əksəriyyəti müsbət həll olunub.