01 Noyabr

Azərbaycanda 22,7 min xarici işləyir

Hazırda Azərbayanda rəsmi qeydiyyata düşmüş 22 min 663 nəfər çalışır. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan fins.az-a verilən məlumata görə, bu ilin yanvarında qeydiyyata düşən əcnəbilərin sayı daha 150 nəfər artıb.

104 ölkədən işçi var

Ölkəmizdə rəsmi işləyən əcnəbilərin böyük əksəriyyətini - 20 188 nəfər və ya 89%-ni kişilər, 2 475 nəfər və ya 10%-ni isə qadınlar təşkil edir. Hazırda Azərbaycanda ümumilikdə 104 ölkənin vətəndaşları çalışır.

Ən çox xarici işçi Türkiyə və Gürcüstandandır

Bunların arasında ən böyük say göstəricisi Türkiyə vətəndaşlarına məxsusdur (12083 nəfər). Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2553 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1311 nəfərə çatıb.

Sonrakı yerlərdə İran (875), Çin (757), Hindistan (624), Pakistan (467), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (354), Ukrayna (257), Özbəkistan (238) Banqladeş (206), Almaniya (195), Filippin (193), Türkmənistan (184), ABŞ (171), Qazaxıstan (163), İtaliya (153), Koreya (143) və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.